Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin kəndlərində iki məktəb binası istifadəyə verilib

11 fevral 2021 | 16:00

Fevralın 11-də Şəki rayonunun Qumux və Baltalı kəndlərində tam orta məktəblər üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilmiş 132 və 360 şagird yerlik yeni tədris binalarının açılışı olub.
Bu münasibətlə keçirilən mərasimlərdə Təhsil Nazirliyinin əməkdaşı Elçin Kərimov, şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova, məktəb direktorları, ziyalılar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binalarının açılışından sonra tədbir iştirakçıları yaradılan şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, 132 şagird yerlik Qumux kənd tam orta məktəbi indiyədək keçən əsrin 30-cu illərində inşa edilən uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Məktəbin yeni tədris binasının tikintisinə 2019-cu ilin noyabrında başlanılıb. Binada 11 sinif otağı, 2 laboratoriya, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və idman zalları yerləşir. Hazırda məktəbdə 124 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur.
Baltalı kənd tam orta məktəbi üçün inşa edilmiş 360 şagird yerlik yeni məktəb binasında isə 14 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, məktəbəqədər, hərbi hazırlıq, tibb, kompüter otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yerləşir. Təhsil ocağında 48 müəllim və 17 texniki işçi çalışır.
Qeyd edək ki, son illər Şəki rayonunda da təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində zəruri işlər həyata keçirilib. Belə ki, rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Hazırda rayonun Cumakənd və Cəyirli kəndlərində yeni məktəb binalarının tikintisində son tamamlama işləri görülür.

Keçidlər