Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir

24 oktyabr 2020 | 16:00

    Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik.
     Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı deyib.
      Cənab Prezident bildirib ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik.
     Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz.
     1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib.
     Ölkə başçısı vurğulayıb ki, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub.
     Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq enerji layihələrini qrafikə uyğun icra edir. Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır. Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir.
     Prezident cənab İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidentivə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.
      Birinci vitse-prezident Mehriban xanım Əliyevanın parlaq siyasi karyerası var. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Keçidlər