Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili məzunlardan 841 nəfəri tələbə adını qazanıb

17 avqust 2019 | 09:08

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1149 nəfər şəkili məzundan 841 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 140 nəfəri 500 baldan, o cümlədən 54 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova məlumat verib.

Şöbə müdiri bildirib ki, son illər təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının tikintisi və təmiri, təhsil müəssisələrinin yeni avadanlıqla təchiz edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər təhsil sisteminin yeniləşməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Bu, ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.

Südabər İsmayılova deyib ki, qəbul imtahanlarında şəhər 5 saylı tam orta məktəbin məzunu Arzu Musayeva rayon üzrə hamıdan çox – 676 bal toplayaraq, Azərbaycan Tibb Universitetinə daxil olub. Şəhərdəki 20 saylı tam orta məktəbin məzunu Elcan Səlimli isə imtahanlarda 660 bal toplayıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təhsil alacaq.

Tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran dörd məzun qızıl, bir məzun isə gümüş medala layiq görülüb, 97 nəfərə fərqlənmə attestatı verilib.

Keçidlər