Şriftin ölçüsü :

Saytın rəngi :

Olqa Skubçenko: Beynəlxalq Keramika Simpoziumunda iştirak etməyi çox arzulayırdım

28 may 2019 | 02:05

Azərbaycanda ilk dəfədir oluram. Düzünü desəm, indiyədək belə bir cənnət diyar görməmişəm. Buraların gözəlliyinə heyranam. Şəkidə keçirilən keramika simpoziumunda iştirak etməyi çox arzulayırdım. Şükürlər olsun ki, artıq simpoziumun iştirakçısıyam və buna çox sevinirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə keçirilən I Beynəlxalq Keramika Simpoziumun Rusiyadan olan iştirakçısı Olqa Skubçenko deyib.
Moskvada yaşadığını, əsasən keramika heykəltəraşlığı ilə məşğul olduğunu diqqətə çatdıran rusiyalı sənətkar Şəkidəki Keramika və Tətbiqi Sənət Mərkəzində onlara sərbəst işləmək, iştirakçılarla yaradıcılıq ünsiyyəti qurmaq üçün çox gözəl şəraitin yaradıldığını bildirib: “Hər şey yüksək səviyyədə təşkil olunub. İstəyirsən böyük ölçülü monumental işlər üzərində çalış, istərsə də kiçikhəcmli işlər hazırla. Mən öz keramika işimi Şəkiyə həsr etmişəm. Bu gözəl diyarın dağlarını, şəlalələrini əks etdirməyə çalışıram. İşim hələlik yarımçıqdır, yekunlaşmayıb. Düşünürəm ki, istədiyim kimi alınacaq”.
Azərbaycanın çox heyrətamiz bir ölkə olduğunu vurğulayan Olqa Skubçenko deyib: “Belə bir cənnət diyarda yaşadığınız üçün siz çox xoşbəxt insanlarsınız. Ölkənizdə olduğum üçün çox sevinirəm”.

Keçidlər