Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə basketbol üzrə respublika birinciliyinin final mərhələsində 8 komanda mübarizə aparıb

03 aprel 2019 | 07:04

Şəki Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan 2005-2006-cı il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol üzrə respublika birinciliyinin final mərhələsinin yarışları 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən və üç gün davam edən yarışlarda respublikamızın müxtəlif idman cəmiyyətlərindən 8 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən, Bakı şəhərindəki 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası birinciliyi ikinci pillədə başa vurub. Gəncə şəhərinin təmsilçiləri üçüncü olublar.
Birinciliyin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov və Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasında belə yarışların əhəmiyyətini xüsusi vurğulayıblar.
Birinciliyin qalibləri mükafatlandırılıblar.

Keçidlər