Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur

01 aprel 2019 | 03:04

Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin avtomobil yollarının uzunluğu təqribən 33 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və 18 kilometr uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır.
IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kvadratmetrdən çoxdur.
Layihə üzrə zəruri yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa, yolun tikintisi ərazidə kənd təsərrüfatının inkişafına təkan verməklə, yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edəcək.

Keçidlər