Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib

03 dekabr 2016 | 02:12

Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
“Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantının gündəliyinə qurumun ötənilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil idi.
Toplantı iştirakçıları əvvəlcə AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair çap etdirdiyi kitabların sərgisinə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir deyib: “TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu qurumları tərəfindən alqışlanır”.
Əbülfəs Qarayev bildirib ki, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizim üçün olduqca qürurvericidir: “Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələrinin bir hissəsi də bu şəhərdə yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib”.
Vurğulanıb ki, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər icra hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə isə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Atüstü Milli Oyunlar Festivalı və “Prezident kuboku” uğrunda çövkən yarışları keçirilir. Bu il sentyabrın 15-24-də isə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı təşkil edilib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: “Bu beynəlxalq təşkilat 90-cı illərin əvvəllərində müstəqillik qazanan ölkələrlə həmyaşıddır. TÜRKSOY son dövrlərdə mədəni irs nümunələrimizin geniş məkanda təbliği üçün çox mühüm layihələr reallaşdırır. Türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxsiyyətlərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis olunması və digər onlarla belə uğurlu layihələr həyata keçirilir”.
Əbülfəs Qarayev, həmçinin lavaşın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunması barədə məlumat verərək deyib: “Noyabrın 28-dən dekabrın 2-dək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəkinin qədim tarixi abidələri, sənətkarlıq incilərini özündə birləşdirən nadir bir xəzinə olduğunu vurğulayıb. Baş katib bildirib ki, Şəkinin mənəvi dəyərlərlə yanaşı, insanın könlünü oxşayan gözəlliyinə və qonaqpərvərliyinə də heyran qalmamaq mümkün deyil. Şəkinin, həm də böyük dramaturq Mirzə Fətəli Axundzadənin, tanınmış şair Bəxtiyar Vahabzadənin, digər görkəmli elm və sənət xadimlərinin vətəni olduğunu vurğulayan TÜRKSOY-un baş katibi bu şəhərin qədim tarixi abidələri, dadlı şirniyyatı və yumoru ilə də məşhur olduğunu diqqətə çatdırıb. Düsen Kaseinov bütün bu amillərin Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynadığını bildirib.
Sonra TÜRKSOY-un fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış “Naxçıvan sazişi”nə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Şura 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türk dünyasının tanınmış dövlət xadimlərini, elm və sənət adamlarını qədim Şəkidə görməkdən məmnunluğunu bildirib. Şəkinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin heç də təsadüfi olmadığını vurğulayan icra hakimiyyətinin başçısı Azərbaycanda mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət göstərildiyini deyib.
TÜRKSOY-la əməkdaşlıq əlaqələrindən danışan Elxan Usubov 2012-ci ildə qurum tərəfindən Şəki şəhərinin “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı” seçildiyini, 2012-ci ilin “Mirzə Fətəli Axundzadə ili” elan edildiyini, 2014-cü ildə qurumun təşkilatçılığı ilə Şəkidə rəssamların sərgisinin və türkdilli ölkələrin milli geyimlərindən ibarət moda nümayişinin təşkil olunduğunu diqqətə çatdırıb.
“Paytaxt ili” çərçivəsində Şəkidə keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat verən Elxan Usubov bu tədbirlərin Şəkinin, o cümlədən Azərbaycanın zəngin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynadığını bildirib.
Sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini vurğulayıblar.
Daha sonra TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı çərçivəsində təşkilatın 2016-cı il üzrə fəaliyyətinə həsr olunmuş işçi sessiya keçirilib.
Çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyanın gündəliyi barədə məlumat verib. Bildirib ki, sessiyada TÜRKSOY-un fəaliyyəti və maliyyə hesabatları dinləniləcək, həmçinin 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın seçilməsi, gələn il üçün fəaliyyət planı, təşkilata üzvlük haqlarının artırılması, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısının keçiriləcəyi yerin müəyyən olunması kimi məsələlər müzakirə olunacaq.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurumun 2016-cı il üzrə fəaliyyətindən bəhs edən hesabatla çıxış edib.
Sonra gündəlikdəki digər məsələlərə dair hesabatlar dinlənilib, müzakirələr aparılıb.
Sonda yekun bəyannamə imzalanıb və TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının koordinatorluğu Azərbaycandan Qazaxıstana keçib.
Həmçinin gələn il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklif nəzərdən keçirilib və Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
TÜRKSOY və Şəki Şəhər İcra Hakimiyyəti adından toplantıda iştirak edən TÜRKSOY-a üzv ölkələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Bununla da, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının Şəkidə keçirilən 34-cü toplantısı işini başa çatdırıb.

Keçidlər