Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

19 oktyabr 2016 | 07:10

18 oktyabr 2016-cı il tarixdə şəhər icra hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
     Şəki Şəhər İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı ilə birgə təşkil etdiyi tədbirdə ictimaiyyətin nümayəndələri, partiya fəalları, ziyalılar, gənclər iştirak etmişdir.
     Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Şəki Təşkilatının sədri Həsən Həsənov açmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.
     Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması ilə bağlı Sərəncam imzalamış, bununla bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına uyğun olaraq ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Şəki şəhərində də dövlət müstəqilliyinin ildönümü münasibətilə kütləvi tədbrlər keçirilir.
     Tədbirdə məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçının müavini, YAP Şəki Təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova bildirmişdir ki, 1993-cü ilin iyun günlərində Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində, nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda  son dərəcə düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi.
    Qeyd olunmuşdur ki, Ulu öndərin rəhbərliyi ilə ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
    Vurğulanmışdır ki, bu gün, ölkə başçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkədir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
     Tədbirdə Şəki rayon prokuroru Elmar Camalov, Şəki şəhər statistika idarəsinin rəisi Lütfəli Əliyev,  ADPU-nun Şəki filialında elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev, Şəki Şəhər İcra  Hakimiyyətində Sənədlərlə və   vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Şəki Təşkilatı Gənclər birliyinin sədri  Daşqın Mikayılov, Şəki şəhər 3 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Səhər Rzayeva dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın sosial-iqtisadi, siyasi-ideoloji, hüquqi, mədəni, elm və idman sahələrinin inkişafı ilə bağlı çıxışlar etmişlər.

Keçidlər