Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Dağ dibi” məhəlləsində səyyar qəbul

23 fevral 2013 | 16:00

     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 21-də şəhərin “Dağ dibi” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında məhəllə ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri də iştirak etmişlər.
     Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, həmin ərazidəki 12 saylı tam orta məktəb üçün yeni binanın tikilib istifadəyə verilməsi, M.F.Axundov prospektində genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılması, Qazı Məmmədli küçəsinə asfalt örtük döşənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
     Məhəllə nümayəndəsi Məmməd Məmmədov, məhəllə sakinləri Gülər Salamova, Əhəd Abdullayev, Nemət Mabudov, Məkkə Rəhimzadə, Yusif Abdullayev və başqaları çıxış edərək 12 saylı tam orta məktəbə verilən təbii qazın təyziqinin, 9 saylı uşaq bağçasına verilən işməli suyun artırılması, sözügedən məktəbin qarşısında piyadaların gedişi üçün müvafiq yol nişanlarının bərpası, M.F.Axundov prospektindəki transformator yarımstansiyasının ətrafında müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, ərazidə yaşayan ahılların asüdə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq yerin ayrılması, Ruhulla Axundov küçəsinin qalan hissəsinin asfaltlaşdırılması, N.Nərimanov küçəsində yeni avtobus dayanacaqlarının quraşdırılması, “Qəbələ” küçəsinin işıqlandırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
     Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

 

Keçidlər