Şriftin ölçüsü :

Saytın rəngi :

Festivalın ikinci günü Şəki tamaşaçıları Türkiyənin daha bir musiqi kollektivinin çıxışını izləyiblər

30 iyun 2016 | 02:06

Uğurla davam edən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının ikinci günü axşam saatlarında musiqisevərlər Türkiyədən gəlmiş daha bir kollektivin – İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının çıxışını izləyiblər.
Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının və TÜRKSOY-un rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının festivaldakı iştirakını təşkil edən “Türk Ocaqları” Dərnəyi İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək, təşkilatın və ansamblın fəaliyyəti barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, “Türk Ocaqları” 1912-ci ildə Osmanlı dövlətinin o zamankı böyük dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin, eləcə də türk millətinin yüksəlməsi, türkdilli xalqların yaxınlaşması nəticəsində yaranıb. Təşkilatın təsisçiləri arasında Azərbaycandan Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu və başqalarının adlarına rast gəlmək olar. Bildirilib ki, “Türk Ocaqları” bir təşkilat kimi, artıq 104 ildir ki, fəaliyyətini davam etdirir və türk dünyasında mədəni əlaqələrin inkişafına xidmət edir.
Diqqətə çatdırılıb ki, 1986-cı ildə bu dərnəyin nəzdində Türk Xalq Musiqisi İcması, sonralar isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Orkestri və Anadolu Yuva İcması yaradılıb. Hər iki təşkilat Türkiyənin mədəni həyatında, türkdilli xalqların mədəni əlaqələrinin qurulmasında, etnik musiqi festivallarının, maarifləndirici konsertlərin, sərgilərin təşkilində, həmçinin müxtəlif təqdimat mərasimlərində, ənənəvi folklor bayramlarında fəal iştirak edir.
“İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfə iştirak edən türk xalq mahnı ansamblının solistlərinin türk və Azərbaycan dillərində ifa etdikləri bəstəkar və xalq mahnıları, rəqs ansamblı üzvlərinin təqdim etdikləri şux və oynaq rəqslər Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın üçüncü günü, iyunun 29-da musiqisevərlər günorta saatlarında Şəki xanlarının sarayının həyətində Yaponiyanın “Vas-Liqa” musiqi ansamblının, axşam saat 20.00-da isə Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konsertini izləmək imkanı əldə edəcəklər.

Keçidlər