Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin “Şimdi” ansamblı Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının səhnəsində

29 iyun 2016 | 10:06

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 28-də günorta saatlarında XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Türkiyənin “Şimdi” ansamblının konserti olub.
Konsertdə şəhər icra hakimiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqı və TÜRKSOY-un rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, “Şimdi” ansamblı Anadoluda sufi ənənəsinin mövcudluğu və inkişafı baxımından yeni bir layihədir. Ansambl müasir zamanda sufi ənənəsinin ən parlaq simalarından olan müğənni və bəstəkar Bora Uymaz tərəfindən təsis edilib. Ansamblın heyətinə Əli Polattemir (ney), Mehmet Yalqın (kamança), Volkan Ergen (zərb), Həsən Kiriş (tənbur) və Şirin Pancaroğlu (ling arfa) daxildir.
“Şimdi” ansamblının yaradıcı meyarı – keçmişin və gələcəyin əsasında olan bu günün çarpazlaşan məqamlarını izləmək, keçmişdə yerini taparaq, gələcəyə hazırlıqlı olmaqdan ibarətdir. Bu, ansamblın ifaçılığından yaranan fəlsəfi görüşlərdir. Musiqiçilərin ifa etdikləri himnlər, mahnılar, qəsidələr, təqsimlər, qəzəllər və instrumental əsərlər məqamlara əsaslanır və qədim köklərə malikdir.
Arfa sənətçisi Şirin Pancaroğlu həm klassik və ənənəvi türk musiqisi, həm də populyar janrları əhatə edən və müasir üslubda bəstələnən əsərlərin mahir ifaçısıdır. O, Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu musiqi festivallarının iştirakçısıdır.
Konsertdə ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda təşkilatçılar adından kollektivə xatirə olaraq festivalın rəmzi simvolu təqdim olunub.
Xatırladaq ki, festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam saat 20.00-da Yay teatrında Türkiyənin xalq mahnı və rəqs ansamblının konserti olacaq.

Keçidlər