Xəbər verildiyi kimi, Şəkidə yeni 100 çarpayılıq xəstəxana binasının açılışı olmuş, Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Bu, həm rayonumuzun sakinlərində böyük ruh yüksəkliyi yaratmış, həm də insanlara göstərilən tibbi xidmətin keyfiyyəti artmışdır.
Bu günlərdə əməkdaşımız Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məcid Əliyevlə görüşərək ekskuluziv müsahibə verməsini xahiş etmişdir. O demişdir: Yeni xəstəxananın açılışının biz tibb işçiləri üçün dərin rəmzi mənası vardır. Çünki bu xəstəxananın təməl daşı 2008-ci ildə dövlət başçısının iştirakı ilə qoyulmuş və onun açılışında möhtərəm cənab Prezident şəxsən iştirak etmişdir. Bu, həm də onu göstərir ki, xalqımızın rifahı üçün qəbul edilən qərarlar vaxtında və keyfiyyətlə icra edilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası və Veteranlar Şurasının birgə qərarı ilə böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi ilə 09 mart 2012-ci il tarixdə Şəki şəhər stadionunda “Cəsurlar” hərbi-idman və turizm oyununun zona birinciliyi keçirilmişdir.
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şou martın 13-də Şəkiyə səfər etmişdir.
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonağı səmimi salamlamış, ölkələrimiz arasında dostluq əlaqələrinin uğurla davam etdiyini bildirmiş, səfirliklə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın genişlənməsində belə görüşlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Hindistan səfirinə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, milli adət-ənənələri barədə ərtaflı məlumat verilmişdir.
Şəki Şəhər Rayon Polis Şöbəsinin, şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" mövzusunda keçirilən silsilə tədbirlər çərçivəsində martın 6-da Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində növbəti elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Liseyin müdiri İsmayıl Özcan vurğuladı ki, əsrin bəlasına çevrilmiş narkomaniya bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biridir.
İnsanları ölümə məhkum edən, genefonda sarsıdıcı zərbə vuran bu bəşəri bəla ilə mübarizə işi dünya dövlətlərinin daim diqqət mərkəzində saxlanılır, səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə səylər birləşdirilir. Bununla əlaqədar hazırda dünyada əhəmiyyətli proqramlar, konvensiyalar və sazişlər qəbul olunmaqla vəzifələr müəyyən edilir. Azərbaycan Respublikası da bu Proqramlara qoşulmaqla onun fəal iştirakçısına çevrilmişdir.
Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Hacı Qara” komediyası tamaşaya hazırlanır.
Teatrdan bildirmişlər ki, tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Qüdrət Məmmədov, geyim üzrə rəssam isə Elman Rəşidovdur. Tamaşada Hacı Qara rolunu Əbülfət Salahov ifa edir. Əsərdə, həmçinin teatrın aktyorları Briliant Babayeva, Nərmin Kazımova, Rəhim Qocayev və başqaları oynayırlar.
Tamaşanın martın əvvəllərində təhvil verilməsi nəzərdə tutulur.