Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə akademik, Əməkdar Elm Xadimi Məcid Rəsulovun 100 illiyi qeyd olunub

31 oktyabr 2016 | 02:10

Dünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun anadan olmasının 100 illiyi oktyabrın 28-də onun doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində respublikamızın tanınmış elm xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəki şəhərində, Məcid Rəsulovun adını daşıyan küçənin girişində görkəmli alimin xatirə lövhəsinin açılışı olub. Mərasimdə çıxış edənlər XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən olan Məcid Rəsulovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirini şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik Məcid Rəsulovun 100 illik yubileyinin onun anadan olduğu Şəki şəhərində keçirilməsinin şəhərin elmi və ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanda elmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, cəmiyyətin inkişafında elm xadimlərinin rolu böyükdür. Məhz bu baxımdan dövlətimiz tərəfindən elm adamlarına həmişə böyük diqqət və qayğı göstərilir, onların xatirəsi əziz tutulur.
Elxan Usubov qeyd edib ki, ölkəmizin ən qədim və gözəl şəhərlərindən biri olan Şəki Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb, ölkəmizin elm və təhsil tarixinə böyük şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də akademik, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru Məcid Rəsulovdur. 1916-cı il iyulun-6 da Şəkidə anadan olan Məcid Rəsulovun çox ağır uşaqlıq illəri, sürgün həyatı, müharibə fəlakəti onun elmə və təhsilə marağını dəyişə bilməyib. Çətin, lakin şərəfli həyat yolu keçən Məcid Rəsulovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, bir çox fəxri adlara layiq görülüb.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş görkəmli alimin elmi fəaliyyətindən bəhs edib. Bildirilib ki, 1960-cı ildən Bakı Dövlət Universitetində “Ümumi riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışmağa başlayan Məcid Rəsulov 1964-cü ildə həmin kafedra əsasında “Riyazi fizika tənlikləri” kafedrasını yaradıb və ona rəhbərlik edib. Alimin 1964-cü ildə Moskvada nəşr edilən “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası bütün SSRİ riyaziyyatçılarının stolüstü kitabı və ali məktəblərdə tədris edilən dərslik olub. 1967-ci ildə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub. Görkəmli riyaziyyatçının kitabı Hollandiya, ABŞ və Kanadada çap olunub və həmin ölkələrin ali məktəblərində indi də geniş istifadə edilir.
Yubiley tədbirində, həmçinin təhsil nazirinin müşaviri, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun və digərlərinin akademik Məcid Rəsulov haqqında xatirələri dinlənilib, alimin həyatı və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Akademik Məcid Rəsulovun 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Nəzəri və tətbiqi riyaziyyatın aktual problemləri” mövzusunda respublika elmi konfransı da işə başlayıb. İki gün davam edəcək konfransda riyaziyyatın ayrı-ayrı problemləri üzrə 100-dək məruzə, o cümlədən BDU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçılarının 50-dən çox məruzəsi dinləniləcək.

Keçidlər